"Gecəni atəş ilə qırmızı dan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər. Tutulub vahimədən nitq bu gün, dil bu səhər, Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər. Bakı fəryad eləyir, gözdən axır sel bu səhər, Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər. Gecəni…devamı"Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər.
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Öz qızıl ordumuzun yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax.
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat Kərbü bəla düzləridir düzlərimiz,
Necə qan ağlamasın üzlərimiz, gözlərimiz.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Kim görüb böylə mərasim ola milyonlar ilə,
Bakı insan axınıyla dola milyonlar ilə,
Salına şanlı şəhidlər yola milyonlar ilə,
Analarla bacılar saç yola milyonlar ilə.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Qəbrin üstündə də heç kukla olar çanta ilə,
Ağ gəlinlik fatası... qırmızı al lenta ilə,
Bəs Kremlin görəsən fərqi nədir xunta ilə?!
Açınız tarixi, hem indi elə, onda elə...
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Düşdü dildən-dilə bu qətl, bu matəmgahımız,
Çatdı hər ölkəyə bu şəhri-bəyani-ahımız,
Gördü aləm ki, aman, cəlladımızmış şahımız,
Yoxsa da bir kəsimiz, vardı fəqət, Allahımız.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Hər qızılgüllü məzar - sinəmizin, dağı məzar!
Əyilir üstünə göy qübbəsinin tağı, məzar!
Hər məzar qanlı beşik, laylaları ağı məzar!
Dayanıb kam alacaq bizdən hələ yağı, məzar!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını
Qan haçan yerdə qalıb, tazələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini...
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər."
Qabil
~Mərsiyə~